8 Kasım 2018 Perşembe

VANQA KİMDİR???



1911-ci il yanvar ayının 31-də o vaxtlar Osmanlı imperiyası, sonradan Bolqarıstanərazisi hesab olunan Strumitsa kəndində bir qız anadan oldu. Vaxtından iki ay əvvəl doğulan qızcığazın ayaq və əl barmaqları bitişik, bədəni isə zəif olduğundan, valideynləri onun yaşamasına belə ümid etməmişlər. 12 yaşında qızın həyatında onun gələcək taleyini müəyyənləşdirən bədbəxt hadisə baş verir. Bu qız gələcəkdə görücü kimi məşhurlaşacaq Vanqeliya Pandeva-Quşerova, yaxud Vanqa idi... "Başıma kiminsə əli toxundu" ...Rəfiqələriylə gəzişən Vanqa birdən göy üzünü iri qara bir buludun aldığını görür. Havanın dəyişdiyini görüb, kəndə tərəf qaçan qızların arasından Vanqanı qasırğa ağuşuna alır. Sonradan görücü özü bu haqda deyirmiş: "Qasırğa məni sararkən elə bil başıma kiminsə əlinin toxunduğunu hiss elədim. Sonra heç nə xatırlamadım. Bir də gözümü açdım ki, yerdəyəm, başımda, gözümdə dəhşətli ağrılar var..." Kəndlilər qızı daş-çınqılın, ağac budaqlarının arasından tapıb evə gətirirlər. Axşama yaxın gözləri qanla dolur, bir neçə gün sonrasa bəbəkləri ağarmağa başlayır. Xəstənin gözlərində iki dəfə əməliyyat keçirilsə də, nəticəsi olmur.

1925-ci ildə onu korlar evinə göndərirlər. Burada Vanqa Brayl əlifbasını, pianoda ifa eləməyi, dərziliyi öyrənir. Üç ildən sonra anası ölür, qız evə qayıdıb atasının və bacı-qardaşlarının qayğısını çəkməli olur.

Vanqa özü zəhməti çox sevdiyindən, kiminsə boş yerə vaxt keçirməyini də xoşlamazdı. Korluğa, böyük ailənin yükünün ağırlığına, kasıblığa baxmayaraq, onların evlərində həmişə səliqə-sahman hökm sürürmüş.

Gümüşü paltarlı atlı
Bu gün Vanqanın ilk görücülüyünün nə vaxta təsadüf etməsini və nədən ibarət olmasını dəqiqləşdirmək çətindir. Ancaq ədəbiyyatlarda və xatirələrdə daha çox atasının itirdiyi qoyunların yerini deməsi haqda danışılır. Deyilənlərə görə, bir dəfə atasının otardığı sürüdən bir neçə qoyun itir. Ailəsinin yeganə gəlir mənbəyindən də mərhum olacaqlarından qorxan atasının narahatlığını görən Vanqa ona deyir: "Sənin qoyunların qonşu Monospitova kəndindəki Afanasın evindədir". Özünün də tanımadığı bu adamın adını harada eşitdiyini soruşan atasına Vanqa "yuxuda görmüşəm və eşitmişəm" cavabını verir. Ata qızının nişan verdiyi kəndə və həmin adamın evinə gedib, qoyunların həqiqətən burada olduğunu görür.
Ətraf kənddəki insanların onun bacarığına inanmağa başlamaları Vanqanın ilk qlobal görücülüyü ilə baş tutub. Hələ yeniyetməlik vaxtlarından gözlərinə cəngavər geyimli atlının göründüyünü deyən Vanqa, 1941-ci ildə həmin atlını bir daha görür. Özünün dediyinə görə, ay işığı altında parıldayan gümüşü geyimli bu atlı onun qaranlıq otağına daxil olan kimi hər tərəf işığa bələnib. Atlı Vanqaya tərəf dönür və deyir: "Tezliklə dünya çalxanacaq və çoxlu xalqlar tələf olacaq. Sən burada qalacaq, ölənlər-qalanlar haqda görücülük edəcəksən. Qorxma! Mən sənə adamlara deyəcəklərini söyləyəcəyəm".
Bu sözləri eşidən Vanqa bacısından soruşur: "Sən buradan bir atlının necə çıxdığını gördünmü?"
"Nə atlı, yəqin yuxu görmüsən" deyə bacısı cavab verir. Ancaq bacısının yuxu hesab elədiyi bu olaydan təxminən iki ay sonra - aprel ayının 6-sı, 1941-ci ildə alman qoşunları Yuqoslaviya sərhəddini keçir...
Hər şey məhz Vanqanın gözünə görünən atlının dediyi kimi olur. Müharibənin başlanmasıyla doğmalarının taleyindən narahatlıq keçirən insanlar onun yanına gəlirlər. Şahidlərdən biri yazır: "Balaca otaqda küncdə oturmuşdu. Səsi gur və güclü idi. Yamaqlı paltarı belə onun bədəninin gərginliyini gizlədə bilmirdi. Kor gözlərindən boşluq yağsa da, üzündən sanki nur tökülürdü". 

Beləcə, Vanqa kömək üçün yanına gələn insanlara səfərbərliyə cəlb olunmuş kişilərin vuruşduqları yerləri, başlarına gələn hadisələri dəqiqliklə söyləyir. Deyilənlərə görə, bu öngörümlər düz bir il davam edib və bu bir il ərzində Vanqa gün ərzində 2-3 saat yuxu yatıb. Onun görünüşü hamını heyrətə saldığından, yanına gələnlər görücünün qarşısında dizüstü oturmağa üstünlük verirmişlər.
Qadının uzaqgörənliyi haqda xəbər ətraf kəndlərə yayıldıqca, yanına gələnlərin sayı xeyli artır. Az keçmir, müxtəlif xəstəliklərlə bağlı da ona müraciət etməyə başlayırlar. Adamlar onun barəsində artıq qorxu qarışıq hörmətlə danışırdılar. Ancaq birmənalı şəkildə Vanqanın görücülüyünü şər qüvvələrlə bağlayanlardan tutmuş, ilahi qüvvənin möcüzəsi hesab edənlərədək hamı onun görücülüyünün nə qədər dəqiqliklə yerinə yetdiyinə heyran qalırdılar.
Beləcə, Vanqa haqqında yarıhəqiqət, yarıfantaziyadan ibarət bir mif formalaşırdı.

Sədaqətli Vanqa
Vanqanın qeyri-adi qabiliyyəti barədə xeyli ədəbiyyatlar olsa da, onun şəxsi həyatı çox vaxt ikinci plana keçir. Ancaq burada da xeyli maraqlı məqamlar mövcuddur. Bir dəfə onun yanına Dmitri Quşterov adında bir əsgər gəlir və quldurlar tərəfindən öldürülmüş qardaşının qatillərinin yerini soruşur. Elə evinin astanasındaca Vanqa Dmitriyə deyir: "Bilirəm, niyə gəlibsən. İstəyirsən, qardaşının qatillərinin yerini deyim. Ola bilsin, bunu sənə nə vaxtsa deyərəm, ancaq gərək mənə söz verəsən ki, qisas almayacaqsan. Çünki indi lazım deyil. Sən onların sonunu özün görəcəksən".
Bu hadisədən bir müddət sonra - aprelin 20-də Vanqa bacısına Dmitrinin onunla evlənmək üçün kəndə gələcəyini bildirir. Həqiqətən, 1942-ci il may ayının 10-da Dmitri onunla evlənir və gənc ailə Petriç şəhərində məskən salır.
Bir müddət sonra Dmitri səfərbərliyə alınaraq, Yunanıstana aparılır. Vanqanın səfərqabağı ərinə bircə məsləhəti olur: "Sudan özünü gözlə!"
Həqiqətən, bir neçə il sonra Dmitri də daxil, Yunanıstandan salamat dönən döyüşçülərin hamısı döyüşlər vaxtı bataqlıq suyundan içdikləri üçün uzun illər yatalaqdan əziyyət çəkirlər. Dmitri 1962-ci ildə elə bu xəstəliklə də yatağa düşür. Şəfaverici Vanqa sevimli Dmitrisinin bu xəstəlikdən qalxmayacağını bildiyindən əlindən ancaq ağlamaq gəlir. Xəstənin başının üstünü bir an belə tərk eləməyən Vanqa ərinin ölümüylə dərin yuxuya gedir, bir də mərhumun dəfni zamanı ayılıb deyir: "Mən onu qalmalı olduğu yerə qədər ötürdüm".
Həmin vaxtdan Vanqa həyatının sonuna qədər dul qadınlara xas qara rəngli yaylıqla gəzir...

Faydalı insan
Vanqanın həyatı xeyli keşməkeşli olub. Kommunistlərin hakimiyyətə gəlişindən sonra görücü həm dövlət məmurları, həm də din xadimləri tərəfindən təzyiqlərlə qarşılaşır. Birincilər hesab edirdilər ki, Vanqanın görücülüyü insanların sosializm quruculuğu yolunda işlərinə maneçilik törədir, ikincilərsə onu şeytanın elçisi hesab edirdilər.
1952-ci ildə Vanqa Stalinin 6 ay sonra öləcəyi barədə kiminsə yanında ağzından söz qaçırır. Bədxahlar tərəfindən görücünün bu sözü lazımi yerlərə çatdırıldıqdan sonra onu həbs edirlər. Təbii ki, öncəgörüm düz çıxmasaydı, yəni Stalin 1953-cü ildə ölməsəydi, görücünün nə vaxta qədər həbsxanada qalacağı da bilinməzdi.
Sonda onu bu kimi problemlərdən təsadüfi bir hadisə xilas edir. Hansısa yüksək rütbəli dövlət məmurunun içində məxfi materiallar olan çantası itir. Bütün hüquq-mühafizə orqanları ayağa qaldırılsa da, itmiş çanta tapılmır. Axırda əli hər yerdən üzülmüş məmur Vanqanın yanına gəlir. Görücü ona gizlədilmiş çantanın yerini deyir. Bolqar hökuməti isə Vanqaya təşəkkür əlaməti olaraq "xalq hakimiyyəti üçün faydalı insan" xarakteristikası verir. Həmin olaydan sonra Bolqarıstan rəhbərliyi bu möcüzənin qarşısını almaqdansa, Vanqanın özünəməxsus seanslarını leqallaşdırmaq qərarına gəlir. Dövlət onun evinin yanında xəzinə qutusu qoyur və görücünün xidməti üçün məbləğ müəyyənləşdirir. Vanqanın yanına gələn hər bolqar 10 lev, əcnəbilər isə 50 dollar ödəməli idilər. Rəsmi statistikaya görə, bu qərar nəticəsində yalnız 1990-cı ildə dövlət xəzinəsinə 9 milyon levdən çox pul daxil olmuşdu.
Vanqanın fəaliyyəti üçün ən böyük imkan sabiq bolqar rəhbəri Todor Jivkovun qızı tərəfindən yaradılıb. Lüdmila Jivkovanın qızı Jenya Jivkova bu haqda deyir: "Mənim anam Lüdmila Jivkova partiya rəhbərliyi arasında böyük nüfuz sahibi olmaqla yanaşı, həm də hərtərəfli dünyagörüşünə və təhsilə malik, Şərq təlimləriylə maraqlanan bir qadın idi. Məhz onun təşəbbüsü ilə professor Lozanovun başçılığı altında Vanqa fenomeninin elmi şəkildə araşdırılmasına başlandı. Vanqaya hətta dövlət qulluqçusu kimi 200 levlik təqaüd də təyin olunur".

Öngörümlər
Təbii ki, onun bütün öngörümləri haqda danışmaq mümkün deyil. Təsəvvür edin ki, Vanqa fenomenininin tədqiqatçısı professor Rozanov belə olaylardan 7 minini toplayıb. Ancaq hamıya tanış olan bir neçə məşhur öngörüm və bu deyimləri yozan tədqiqatçıların, həmçinin şahidlərin açıqlamalarından nümunələrlə Vanqanın qabiliyyəti barədə kifayət qədər təsəvvür oyatmaq mümkündür.
1942-ci ildə Vanqa Bolqar çarı III Borisə deyir: "Sənin hakimiyyətin genişlənəcək. Ancaq özünü 28 avqust tarixli günə hazırla". 28 avqust 1943-cü ildə Bolqar çarı Boris vəfat etdi.
1968-i ilin yanvar ayında Vanqa deyir: "Praqanı xatırlayın. Praqa tezliklə akvariuma dönəcək, sərsəmlər burada balıq tutacaqlar. Bəli, bəli, məhz belə də olacaq". 1968-ci ilin avqustunda Sovet qoşunları Çexoslovakiyaya girdi.
1989-cu ildə Vanqa xəbərdarlıq edir: "Qorxu, qorxu! Amerikalı əkiz qardaşlar onlara tuşlanmış dəmir quşların təsirindən yıxılacaqlar. Günahsız insan qanı axacaq".
2001-ci ildə terrorçuların təyyarələrlə hücumundan sonra Amerikada Dünya Ticarət Mərkəzinin "əkiz bina"sı dağılır, xeyli günahsız insan tələf olur.
90-cı ilin əvvəlində Rusiyada siyasi çəkişmələr dövründə Vanqa deyir: "Hamı elə bilir ki, onun Rusiyada mövqeləri hələ güclüdür. Ancaq hakimiyyətə ən az səs toplayanlardan biri gələcək". Həqiqətən, bir neçə aydan sonra heç kimin gözləmədiyi halda Rusiyadahakimiyyətə Boris Yeltsin gəlir.
1980-ci ildə Vanqa atom qorxusundan bəhs edir: "Kiyev yaxınlığında böyük bir partlayış olacaq. İnsanlar bu partlayışdan illərlə əziyyət çəkəcəklər". Bir neçə il sonra bütün dünyanı dəhşətə gətirən Çernobıl Atom Elektrik Stansiyasında qəza baş verdi.
Bu öngörümdən sonra isə çoxları qoca görücünün ağlını itirdiyini düşünürdülər: "Əsrin axırında, ya 1999, ya da 2000-ci ildə Kursk su altında qalacaq və bütün dünya ona matəm tutacaq". Bəli, insanlar Kursk kimi bir şəhərin su altında qalacağı barədə deyilənə bir az da istehza ilə yanaşmışdılar. Ancaq düz 20 il sonra Rusiyanın "Kursk" atom sualtı gəmisi həqiqətən su altında qaldı...

Hiç yorum yok:

Yorum Gönder