10 Kasım 2018 Cumartesi

BUNU NƏ VAXTSA YAŞAMIŞAM HİSSİ- DEJAVU NƏDİR?



Dejavu (fransızcadan tərcüməsi artıq görülmüş) — ilk dəfə baş verən hadisəni daha əvvəl də gördüyümüz və yaşadığımız, ilk dəfə gedilən yerdə artıq bir dəfə olduğumuz hissini oyandıran illuziya deməkdir. Dejavunu qısaca olaraq “xəbərsiz tanışlıq” kimi xarakterizə etmək olar. Bu tanışlıq adətən qorxu, yadlıq və qəribəlik hissləri ilə müşayət olunur. Dejavu bütün yaş qruplarına aid insanlara təsir göstərir, lakin daha çox yeniyetmələr və gənclər (15-25 yaş arası) bu hissə qarşı həssasdırlar. Dejavu bir çox hallarda “gələcəyi xatırlamaq” kimi təsvir edilir və bu məşhur fenomen insanların 70 faizdən çoxunda ən azı bir dəfə yaşanmışdır. Bu hissi təsvir etmək çox çətindir. Bu halla qarşılaşan insanlar bəzən özlərini fövqəlgücə sahib hesab edirlər. Lakin bu hal tibbə məlumdur və elmi dildə beynin bu reaksiyasına dejavu deyilir.
Dejavunun tərsi jamevudur. Yaşadığın hadisələri heç vaxt yaşamamış kimi hiss etməyə jamevu deyilir.


Dejavunun növləri

Deja vekyu (artıq yaşanmış)

  • Ən geniş yayılmış formasıdır.
  • İnsanda bir şeyi daha öncə etdiyi, yaxud eyni vəziyyətdə daha əvvəl də olduğu hissini oyadır və şəxs sonra nələr baş verəcəyini bilir.
  • Adətən çox şablon hadisələrlə əlaqəli olur.
  • Adətən baş verdiyi andan etibarən uzun illər boyunca dəqiq şəkildə xatırlanır.


Deja senti (artıq hiss edilmiş)

  • İnsanın deyiləcək sözü və ediləcək hərəkəti əvvəlcədən bilməsi hissində heç bir öncəgörücülük xüsusiyyəti yoxdur.
  • Hadisələr sürətlə yaddaşdan silinir.
  • Beyinin gicgah payının epilepsiyası ilə əlaqəlidir.


Deja vizit (artıq gedilmiş)

  • Nadir hallarda baş verir.
  • İnsan yeni məkana gedir və oranın tanış olduğunu hiss edir.
  • Ola bilər ki, şəxs əvvəllər həmin məkan haqqında oxuyub və daha sonra bildiklərini unudub.


Elmi nəzəriyyələr

Dejavu daima nevroloqların diqqət mərkəzində olmuş və bu gün də tədqiq edilməkdədir. Aparılan bəzi araşdırmalar göstərir ki, dejavuya səbəb olan əsas amil dejavu zamanı beynin bəzi bölgələrinin daha aktiv fəaliyyətdə olmasıdır. Kembticdəki Massaçusets Texnologiyalar İnstitutunun alimləri beyinin dejavuya səbəb olan hissəsini aşkarladıqlarını bildirirlər: onlar iddia edirlər ki, beyinin yaddaş mərkəzindəki hippokampus adlanan neyronlar yeni yerlərin və hadisələrin əqli xəritəsini hazırlayır və daha sonra onları gələcək istifadə üçün qoruyub saxlayır. Onlar bildirirlər ki, iki hadisə və məkan bir-birinə çox oxşadığı zaman dejavu baş verir və beləliklə dejavu hissi yaşanır.


Optik gecikmə

İnsanın iki gözü də eyni hadisəni görür, lakin bəzi səbəblərə görə məlumat beyinə sağ gözünüzdən sol gözünüzə nisbətən daha tez ötürülür, beləliklə beyniniz eyni hadisəni iki dəfə emal edir və siz elə hiss edirsiniz ki, sanki bu hadisəni əvvəllər də görmüsünüz. Lakin bu nəzəriyyə dejavu kor insanlarda qeydə alındıqdan sonra köhnəlmişdir.


Beyinin funksiyasının bölünməsi

Beyinin alın payı gələcək, gicgah payı keçmiş, limbik sistem isə indiki zamanla əlaqəlidir. Beyinin bu hissəsində qısa müddətli yaddaşla əlaqəli hippokampus və uzun müddətli yaddaşla əlaqəli parahipokampal beyin qabığı yerləşir. Beyinin düzgün fəaliyyətində keçmiş, gələcək və indiki zaman arasında kəsilməz əlaqə vardır. Lakin qısa müddətli və uzun müddətli yaddaş arasında həddən artıq sıx əlaqə yarandıqda, insan indiki zamanı keçmiş zaman kimi qəbul eməyə başlayır. İndiki zaman anlayışı parahipokampal beyin qırışığının yaddaş sistemində və neokortikal əlaqəsində (keçmişə aid xatirələrin yaddaşda saxlanmasına cavabdehdir) yanlış emal edildikdə indiki zaman keçmiş zaman kimi qəbul edilir.


Holoqram nəzəriyyəsi

Hal-hazırda yaşanan hadisənin tam mənzərəsini yaratmaq üçün bütün hisslərdən informasiya toplamağa çalışan beyin keçmişdə yaşanan hadisəyə aid qoxu, görüntü və səs kimi eyni yaxud oxşar detalları uzun müddətli yaddaşdan geri gətirir. Keçmişə aid həssas təəssüratlar yeni baş vermiş hadisənin təəssüratları ilə üst-üstə düşür və ona uzun müddətli yaddaşdan gəlmiş xatirə görünüşü verir. Beyində uzun müddətli və qısa müddətli yaddaş arasındakı dövriyyənin pozulması: hansısa səbəbdən xüsusi informasiya xatirələrin köçürülməsi üçün istifadə olunan mexanizmlərdən yan keçərək qısa müddətli yaddaşdan birbaşa uzun müddətli yaddaşa ötürülür. Alimlər bu hadisənin detallarını hələ də yaxşı başa düşmürlər. İnformasiyanın yeni, ən son hissəsi xatırlandığı zaman insan həmin hissənin uzun müddətli yaddaşdan gəldiyini və ona görə də uzaq keçmişə aid olduğunu fikirləşir.

Dini nəzəriyyələr

  • Öncəgörülən yuxular
  • Reinkarnasiya (əvvəlki həyata aid xatirələr)
  • Öncəgörücülük (gələcəyi görmək)
  • Paralel dünyalar (sənin surətin eyni hadisəni paralel dünyada artıq yaşamışdır).



Dejavuya səbəb olan ən geniş yayılmış sağlamlıq problemləri

Dejavunun hər bir insanda həftədə bir və ya iki dəfə olması normaldır, lakin bu halların daha tez-tez təkrarlanması uşaqlarda epilepsiya xəstəliyinin, yaşlılarda isə beyin pozuntusunun xəbərçisi ola bilər.
  • Şizofreniya
  • Beynin gicgah payının epilepsiyası
  • Narahatlıq
  • Dissosiativ şəxsiyyət pozuntusu
  • Dejavu həmçinin psixodelik dərman vasitələrinin istifadəsi ilə də əlaqəli ola bilər.

Hiç yorum yok:

Yorum Gönder