10 Kasım 2018 Cumartesi

BUNU NƏ VAXTSA YAŞAMIŞAM HİSSİ- DEJAVU NƏDİR?



Dejavu (fransızcadan tərcüməsi artıq görülmüş) — ilk dəfə baş verən hadisəni daha əvvəl də gördüyümüz və yaşadığımız, ilk dəfə gedilən yerdə artıq bir dəfə olduğumuz hissini oyandıran illuziya deməkdir. Dejavunu qısaca olaraq “xəbərsiz tanışlıq” kimi xarakterizə etmək olar. Bu tanışlıq adətən qorxu, yadlıq və qəribəlik hissləri ilə müşayət olunur. Dejavu bütün yaş qruplarına aid insanlara təsir göstərir, lakin daha çox yeniyetmələr və gənclər (15-25 yaş arası) bu hissə qarşı həssasdırlar. Dejavu bir çox hallarda “gələcəyi xatırlamaq” kimi təsvir edilir və bu məşhur fenomen insanların 70 faizdən çoxunda ən azı bir dəfə yaşanmışdır. Bu hissi təsvir etmək çox çətindir. Bu halla qarşılaşan insanlar bəzən özlərini fövqəlgücə sahib hesab edirlər. Lakin bu hal tibbə məlumdur və elmi dildə beynin bu reaksiyasına dejavu deyilir.
Dejavunun tərsi jamevudur. Yaşadığın hadisələri heç vaxt yaşamamış kimi hiss etməyə jamevu deyilir.


Dejavunun növləri

Deja vekyu (artıq yaşanmış)

  • Ən geniş yayılmış formasıdır.
  • İnsanda bir şeyi daha öncə etdiyi, yaxud eyni vəziyyətdə daha əvvəl də olduğu hissini oyadır və şəxs sonra nələr baş verəcəyini bilir.
  • Adətən çox şablon hadisələrlə əlaqəli olur.
  • Adətən baş verdiyi andan etibarən uzun illər boyunca dəqiq şəkildə xatırlanır.


Deja senti (artıq hiss edilmiş)

  • İnsanın deyiləcək sözü və ediləcək hərəkəti əvvəlcədən bilməsi hissində heç bir öncəgörücülük xüsusiyyəti yoxdur.
  • Hadisələr sürətlə yaddaşdan silinir.
  • Beyinin gicgah payının epilepsiyası ilə əlaqəlidir.


Deja vizit (artıq gedilmiş)

  • Nadir hallarda baş verir.
  • İnsan yeni məkana gedir və oranın tanış olduğunu hiss edir.
  • Ola bilər ki, şəxs əvvəllər həmin məkan haqqında oxuyub və daha sonra bildiklərini unudub.


Elmi nəzəriyyələr

Dejavu daima nevroloqların diqqət mərkəzində olmuş və bu gün də tədqiq edilməkdədir. Aparılan bəzi araşdırmalar göstərir ki, dejavuya səbəb olan əsas amil dejavu zamanı beynin bəzi bölgələrinin daha aktiv fəaliyyətdə olmasıdır. Kembticdəki Massaçusets Texnologiyalar İnstitutunun alimləri beyinin dejavuya səbəb olan hissəsini aşkarladıqlarını bildirirlər: onlar iddia edirlər ki, beyinin yaddaş mərkəzindəki hippokampus adlanan neyronlar yeni yerlərin və hadisələrin əqli xəritəsini hazırlayır və daha sonra onları gələcək istifadə üçün qoruyub saxlayır. Onlar bildirirlər ki, iki hadisə və məkan bir-birinə çox oxşadığı zaman dejavu baş verir və beləliklə dejavu hissi yaşanır.


Optik gecikmə

İnsanın iki gözü də eyni hadisəni görür, lakin bəzi səbəblərə görə məlumat beyinə sağ gözünüzdən sol gözünüzə nisbətən daha tez ötürülür, beləliklə beyniniz eyni hadisəni iki dəfə emal edir və siz elə hiss edirsiniz ki, sanki bu hadisəni əvvəllər də görmüsünüz. Lakin bu nəzəriyyə dejavu kor insanlarda qeydə alındıqdan sonra köhnəlmişdir.


Beyinin funksiyasının bölünməsi

Beyinin alın payı gələcək, gicgah payı keçmiş, limbik sistem isə indiki zamanla əlaqəlidir. Beyinin bu hissəsində qısa müddətli yaddaşla əlaqəli hippokampus və uzun müddətli yaddaşla əlaqəli parahipokampal beyin qabığı yerləşir. Beyinin düzgün fəaliyyətində keçmiş, gələcək və indiki zaman arasında kəsilməz əlaqə vardır. Lakin qısa müddətli və uzun müddətli yaddaş arasında həddən artıq sıx əlaqə yarandıqda, insan indiki zamanı keçmiş zaman kimi qəbul eməyə başlayır. İndiki zaman anlayışı parahipokampal beyin qırışığının yaddaş sistemində və neokortikal əlaqəsində (keçmişə aid xatirələrin yaddaşda saxlanmasına cavabdehdir) yanlış emal edildikdə indiki zaman keçmiş zaman kimi qəbul edilir.


Holoqram nəzəriyyəsi

Hal-hazırda yaşanan hadisənin tam mənzərəsini yaratmaq üçün bütün hisslərdən informasiya toplamağa çalışan beyin keçmişdə yaşanan hadisəyə aid qoxu, görüntü və səs kimi eyni yaxud oxşar detalları uzun müddətli yaddaşdan geri gətirir. Keçmişə aid həssas təəssüratlar yeni baş vermiş hadisənin təəssüratları ilə üst-üstə düşür və ona uzun müddətli yaddaşdan gəlmiş xatirə görünüşü verir. Beyində uzun müddətli və qısa müddətli yaddaş arasındakı dövriyyənin pozulması: hansısa səbəbdən xüsusi informasiya xatirələrin köçürülməsi üçün istifadə olunan mexanizmlərdən yan keçərək qısa müddətli yaddaşdan birbaşa uzun müddətli yaddaşa ötürülür. Alimlər bu hadisənin detallarını hələ də yaxşı başa düşmürlər. İnformasiyanın yeni, ən son hissəsi xatırlandığı zaman insan həmin hissənin uzun müddətli yaddaşdan gəldiyini və ona görə də uzaq keçmişə aid olduğunu fikirləşir.

Dini nəzəriyyələr

  • Öncəgörülən yuxular
  • Reinkarnasiya (əvvəlki həyata aid xatirələr)
  • Öncəgörücülük (gələcəyi görmək)
  • Paralel dünyalar (sənin surətin eyni hadisəni paralel dünyada artıq yaşamışdır).



Dejavuya səbəb olan ən geniş yayılmış sağlamlıq problemləri

Dejavunun hər bir insanda həftədə bir və ya iki dəfə olması normaldır, lakin bu halların daha tez-tez təkrarlanması uşaqlarda epilepsiya xəstəliyinin, yaşlılarda isə beyin pozuntusunun xəbərçisi ola bilər.
  • Şizofreniya
  • Beynin gicgah payının epilepsiyası
  • Narahatlıq
  • Dissosiativ şəxsiyyət pozuntusu
  • Dejavu həmçinin psixodelik dərman vasitələrinin istifadəsi ilə də əlaqəli ola bilər.

YUXU HAQQINDA



Yuxu — beyin fəaliyyət normasının minimal səviyyə enməsi və ətraf mühitə olan reaksiyaların azalması ilə müşayiət olunan təbii fizioloji proses. Bu proses məməlilərə, quşlara, balıqlara və bəzi başqa heyvanlara, həmçinin bəzi həşəratlara (məsələn, drozofillərə) məxsus prosesdir.
Bütün canlı varlıqlar öz güclərini bərpa etmək və həyat fəaliyyətini davam etdirmək üçün istirahətə ehtiyac duyurlar. Məcburi yuxu canlıların bütün cismi və zehni fəaliyyətlərini dayandırır.

Yuxunun fiziologiyası

Yuxuda anabolizm proseslərinin səviyyəsi artır, katabolizm isə enir. Normal yuxu dövri təxminən hər 24 saatdan bir olur. Bu dövr sirkad ritmi adlandırılır. Bioloji ritmin sirkad forması bir növ işıq və temperatur təsirləri ilə ontogenez dövrdə orqanizmin qazandığı, «bioloji saatlar» vasitəsi ilə həyata keçirilir.

Yuxu elmi izahı

Bu haqda alimlərin bir çox fikirləri vardır.
  • Bəziləri hesab edirlər ki, yuxu zamanı beyndəki qanın bir çox hissəsi bədənin müxtəlif yerlərinə axır. Və onu fiziki amillərlə əlaqələndirirlər.
  • Bəziləri alimlər isə belə düşünürlər ki, cismi fəaliyyət nəticəsində bədəndə xüsusi maddə cəm olur ki, bu da əsəb sisteminə təsir göstərir və insanda yuxu halı meydana gətirir. Və bu hal o zamana qədər davam edir ki, həmin maddə bədən tərəfindən tamamilə sorulur. Buna görə də onu kimyəvi amil adlandırırlar.
  • Bəziləri isə yuxunu bir növ əsəb amili ilə əlaqələndirirlər və deyirlər ki, insan beynində yerləşən fəal əsəb sistemi əzaların hərəkətini təmin edir. Və çox yorğunluq nəticəsində yorularaq sönür. Bu da əsəb amilidir.
Bütün bu nəzəriyyələr yuxunu qanedici dərəcədə izah etmirdilər. Ancaq bütün bu amillərin də təsiredici olduğunu inkar etmək də mümkün deyildir.
Harvard Səhiyyə Məktəbi ilə Afina Universitetinin alimləri 6 ildən artıq müddətdə 26-86 yaş arasında olan 23 681 nəfər üzərində apardıqları təcrübə nəticəsində müəyyən etmişlər ki, gündüzlər iş arası qısa müddətli yatan adamlar ürək xəstəliklərinə daha az tutulurlar. Belə adamlarda ürək xəstəliklərin gündüzlər yatmayan şəxslərə nisbətən 37 faiz az müşahidə olunmuşdur. Alimlərin fikrincə, həyacan və narahatlıqlarla yüklənmiş gün ərzində qısa müddətli yuxu stres və yorğunluğu bədəndən çıxartmaq üçün ən yaxşı vasitədir..

Yuxusuzluq

Yuxusuzluq nəinki bizim üçün, hətta ətrafımızda olanlar üçün də pisdir. Hesablamalara əsasən hər il yuxulu sürücülərin səhvi ucbatından on minlərlə yol qəzası baş verir. 1920-ci illərlə müqayisədə indi Böyük Britaniyada insanlar gecə təxminən 8 saat yatırlar.

Yuxu pozğunluqları

Yuxu pozğunluğu deyildikdə ən çox qarşılaşılan vəziyyətlər: yata bilməmək, yuxuya getməmək, yuxu kəsilməsi ya da səhər erkən saatda oyanıb yenidən yuxuya getməmək nəzərdə tutulur. Lakin çox yatmaq ya da yastığı görər-görməz yuxuya getmək də yuxu pozğunluğudur. Yuxusuzluğun ən çox bilinən növü psixofizioloji olanıdır. Bütün yuxu xəstəliklərinin əlaməti olaraq ortaya çıxa bilir. Bundan başqa daxili, psixiatrik və dərmanlarla əlaqəli vəziyyət də yarana bilər. Psixofizioloji yuxusuzluq tipik olaraq stres kimi faktorlar baş verərkən əmələ gəlir. Psixofizioloji yuxusuzluqda bütün diqqət yata bilməmək üzərində toplanır. İdiopatik yuxusuzluq vəziyyəti isə xroniki və ciddi yata bilməmək və yuxunu davam etdirə bilməməkdir. Yataqda olarkən yuxuya getmək vaxtı çox uzun ola bilir və yuxu qısa oyanmalara parçalanır. Buna səbəb olan nevroloji pozulma yüngül ilə şiddətli dərəcələrdə olduğu kimi yata bilməmək də yüngül və ya ağır və hətta dayanılmaz ola bilir. Daha kəskin hallarda xəstələr iş görə bilməyəcək vəziyyətə düşürlər. Bununla birlikdə, yuxuda gəzmək, yuxuda qorxu kimi yuxu pozuqluqları da geniş yayılmışdır. Yuxusuzluq tez-tez rast gəlinən və müalicə edilə bilən xəstəlikdir. Müalicə edilmədikdə, mühüm xəstəliklərə və hətta ölümə yol açır, depresiyanın inkişaf etməsində risk faktoru ola bilər.

Yuxu mərhələləri

Yuxu 2 mərhələdən ibarətdir. Ləng və Tez yuxu. Ləng yuxu mərhələsində əzələlər boşalır, tənəffüs sakitləşir, ürək döyüntüləri yavaşıyır, göz alması hərəkətsiz vəziyyətdə olur. Tez yuxu mərhələsində isə beynin bioelektrik fəaliyyətinin əyrisində kiçik və sürətli dalğalar gözə çarpır. Bu mərhələdə gözün hərəkəti baş verir, qan təzyiqi yüksəlir, nəbz və tənəffüs sürətlənir, maddələr mübadiləsi güclənir. Ləng və tez yuxu mərhələsi dövri olaraq bir-birini əvəz edir. İnsanın sutkalıq yuxusunun təxminən 1,5-2 saatı tez yuxunun payına düşür.
Dərin yuxuya getməzdən öncə 10 dəqiqə ərzində yarıyuxulu vəziyyətdə oluruq ki, bu da birinci mərhələdir. İkinci mərhələdə dərin yuxuya gedirik.
Bu mərhələ 20 dəqiqə davam edir. Üçüncü və dördüncü mərhələlər isə bundan sonra gəlir.
Dərin yuxu vaxtı bədənimiz və beynimiz gün ərzində keçirdiklərimizdən dincəlir. Buna bəzən delta yuxusu da deyirlər. Bu müddət ərzində heç bir yuxu görmürük.
Normal gecə ərzində adamlar müxtəlif mərhələlərdən keçirlər. Problemlər, bu mərhələlərdə pozulma olarsa əmələ gəlir.


Nə qədər yatmaq olar

Günorta yatmaq üçün vaxtı olmayanlar üçün günün bu vaxtı yuxulu olmaq normal haldır. Maraqlıdır ki, gecə yuxusunu artıran adamlar günorta yatmağa ehtiyac duymurlar.
Amma günorta 10 dəqiqəlik yuxu ala bilmək çox xeyirlidir.
Yuxu və əhval-ruhiyyə bir-biri ilə əlaqələdir. Bu əlaqə hələ indiyə kimi tam başa düşülməyib. Amma doyunca yemək kimi, doyunca yatmaq da adamı xoşbəxt edə bilər..
Alimlərin uzun müddətli araşdırmalarına baxmayaraq yuxu ilə bağlı bəzi məqamlar tam da aydınlaşdırılmayıb.
Yuxu ilə bağlı fikirlərdə Şərq və Qərb alimlərinin fikirləri üst-üstə düşmür. Qərblilər yuxunu izah etməyə çalışarkən bildirirlər ki, yuxu insanın gündəlik fəaliyyətinin nəticəsində gördüyü düşüncələrdir. Şərqlilər isə fərqli olaraq yuxunun ilahi bir mesaj olduğunun bildirirlər. Yuxuda insan bəzən başına gələcəkləri tamamilə eyni olaraq, bəzən də müxtəlif mətn altı məna və bənzətmələrlə görür. Məhz buna görə də yuxuları yozmaq lazım olur.
İnsan ömrünün 3-də birini yataraq keçirir. Ancaq bu o demək deyil ki, hər yatdığımızda yuxu görürük. Məşhur qərbli fəlsəfəşunas Ziqmund Freydin yuxu haqqında fikirlərinə görə yuxu insanın şüurda gizlənmiş bəzi məqamların qısa metrajlı görüntüləridir. Yuxularda bəzən yaşamaq istədiklərimizi, bəzən keçmişimizdən bəzi anları, bəzəndə gələcəkdə yaşayacaqlarımız barədə qısaca məlumatlar görürük.
Bəs maraqlıdır yuxu nə qədər davam edir? Maraqlı burasıdır ki, bu barədə də müxtəlif fikirlər və fərziyyələr irəli sürülmüşdür. Yuxuda zaman qavramının beyin tərəfindən qəbul oluna bilməməsi isə illər boyu yekun qərara gəlməyə imkan verməyib. Bəziləri bunun bir neçə saniyə sürdüyünü, bəziləri isə saatlarla davam etdiyini göstərmişdir. Bütün bu fərziyələrə isə son nöqtəni amerikalı alim Dr. B. Klein qoymuşdur. O təcrübə üçün könüllü seçilmiş insanları hipnoz edərək yatırmış və müəyyən bir müddət sonra onları oyadıb yuxuda nə gördüklərinə qulaq asmışdır. Araştırma gözlənilməz nəticələr verib. Sən demə bütün ömrümüzü, keçmişimizi gördüyümüz yuxular belə 20 saniyəni keçmir. Dr. B. Klein`nin araştırmaları göstərib ki, insanın gördüyü ən uzunmüddətli yuxu 90 saniyə davam edib.
Alimlərin araşdırmaları göstərib ki, yuxuların müəyyən növləri vardır. İnsan yatmaq üçün çarpayıya üzanır və gözlərini yumur. Çox qısa müddət sonra göz qapaqları titrəməyə başlayır və insan yuxuya gedir. Alimlərin fikrincə yatmaq üçün qəbul olunmuş bəzi yuxugətirən dərmanlar insanın yuxu görməsinə mane olur. Onlar hesab edirlər ki, təbii olaraq yuxuya getmiş hər bir insan yatdıqdan sonra mütləq yuxu görür. Yuxular isə ağ-qara və rəngli ola bilir. Amma insanların çoxu yuxularını ağ-qara görüklərini söyləyirlər.
Daim yorğun və başı hər hansı mövzu ətrafında fikirlərlə dolu olan insanlar oyandıqları zaman qarışıq yuxular gördüklərini söyləyirlər. Əksərən onlar yuxularında fikirləşdikləri məsələ barəsində görürlər. Belə yuxuları yozmaq mümkün deyil. Məsələn televizorda və ya başqa bir yerdə həyəcanlı bir filmə baxan insan gecə yatdığı zaman həmin filmdən hissələr görə bilər. Bu sadəcə filmin təsirində qalmaqdır və belə yuxuları yozmaq mümkün deyil.
Kabus və ya qarabasma adı verilən yuxular da vardır ki, belə yuxular adətən yaxşı başlayır. Yatan insan hər hansı xoş bir hadisəylə maraqlandığını görür və birdən-birə yuxuda qorxulu məqamlar başlayır. Yaxşı görüntülər bir anda dəhşət dolu anlarla əvəzlənir. Belə yuxuların açıqlamasını əsəb həkimləri və psixoloqlar verirlər. Kabusları, yuxuda bir dəfə görülən qorxulu səhnələrlə qarışdırmaq olmaz. Qarabasma görən insan qorxur. Hərdən yatdığını və yuxu gördüyü hiss edərək oyanmağa çalışır. Amma ya oyana bilmir, ya da oyandığını zənn edərək yatmağa davam edir və yenidən qarabasmalar davam edir. Hər insan ömründə bir neçə dəfə kabus görür.
Yuxuda görülən hadisələrin heç bir təhrif olmadan həyata keçməsi də mümkündür. Belə yuxuları yalnız yüksək həssaslığa malik insanlar görürlər. Məsələn, yuxuda hər hansı bir yaxınının başına gələcəkləri görmüş insanlar hadisə baş verdikdən sonra və ya öncə hadisəni olduğu kimi danışa bilər. Belə yuxular "Gerçək yuxular" (həqiqi yuxular) adlanırlar. Belə yuxuları görənlər daha diqqətli olmalıdırlar və yuxuda gördüklərini düzgün qiymətləndirməlidirlər.
Yatmış insan yuxuda bir çox şey görə bilər. Oyandığı zaman isə bunların bəzilərini xatırlayır. Məhz xatırlanan bu hissələri yozmaq mümkündür. Yuxuyozmalar da daha çox bu 4-cü tip yuxular üçündür.
Bəzən isə insanlar yuxuda daima eyni şeyləri görə bilir. Məsələn hər hansısa evi və ya insanı yuxuda daim təkrarən görə bilər. Halbuki həmin insanı və ya evi real həyatda tanımamaqdadır.
İngiltərədə edilən bir araşdırma qadınların kişilərdən daha çox kabus və romantik yuxular gördüyünü ortaya çıxarmışdır.170 nəfər könüllü üzərində aparılan araşdırma zamanı, yaxın zamanda gördükləri yuxuları izah etmələri tələb olunmuşdur. Kişilərin 30%-i kabus gördüyünü söyləmişdir. Başqa bir araşdırma kişiılərin qadınlara nəzərən daha rahat yuxu aldıqlarını göstərmişdir.Qadınlardan bu mənfiliklərə tək səbəb olaraq bədən istiliyindəki dəyişiklik göstərildi. Yuxuları hər kəs görür, hətta o kəslər ki,yuxu görmədiklərinə əmindirlər.Onlar yanılmırlar, çünki onlar yuxu gördüklərini unudurlar.Alimlər sübuta yetirmişlər ki, yuxuların 90%-ı unudulur. Xoruldayan zaman isə yuxu görülmür.Bunun elmi izahı yoxdur. Yuxu zamanı insan bədəni müəyyən qədər iflic olur. Ən çox yatma rekordu 18 gün 21 saat və 40 dəqiqə olmuşdur.Tibbi araşdırma olmadan birinin həqiqətən yatılı və ya oyaq olduğunu başa düşmək çətindir. İnsanlar bəzən özləri də hiss etmədən açıq gözlə yata bilərlər.

9 Kasım 2018 Cuma

9 NOYABR DÖVLƏT BAYRAQ GÜNÜNÜZ MÜBARƏK!!!




Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyi rəmzidir.
Bu gün Azərbaycan Respublikası üzərində dalğalanan müqəddəs Dövlət Bayrağımız- milli bayrağımız ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada  qəbul edilmiş və qaldırılmışdır.
Müstəqil Azərbaycanın dövlət bayrağındakı üç rəngin ifadə etdiyi və XX əsrin  əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən “Türkçülük, islamçılıq və müasirlik” düsturunun müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli Bəy Hüseynzadədir.
Azərbaycan Respublikasının dövlət bayrağından istifadə müstəqil Azərbaycan Respublikası Konstitusiyasının 23-cü və 75-ci maddələri, “Azərbaycan Respublikasnın  Dövlət bayrağı  haqqında” Azərbaycan Respublikasının Qanunu, eləcə də, həmin Qanunla təsdiq edilmiş “Azərbaycan Respublikasının  Dövlət bayrağı  haqqında Əsasnamə” əsasında tənzimlənir. Azərbaycan Respublikasının Dövlət bayrağının rəngli və sxematik təsviri adı çəkilən Qanun və  Əsasnamə ilə təsdiq edilmişdir.
Əsasnaməyə görə Azərbaycan Respublikasının Dövlət bayrağı eni və uzunluğu bərabər olan rəngli üç üfüqi zolaqdan ibarət düzbucaqlı parça şəklindədir: üst zolaq mavi rəngdə, orta zolaq qırmızı rəngdə, aşağı zolaq yaşıl rəngdədir. Bayrağın hər iki üzündə qırmızı zolağın ortasında ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri vardır. Bayrağın eninin uzununa nisbəti 1:2-dir. Ayparanın və səkkizguşəli ulduzun təsvirləri tərəflərinin nisbəti 3:4 olan düzbucaqlının içərisində yerləşir; düzbucaqlının diaqonalı bayrağın eninin 1/2-nə bərabərdir. Ayparanın təsviri konsentrik (eyni mərkəzli) olmayan iki dairənin hissələri şəklindədir; böyük dairənin diametri xarici düzbucaqlının eninə, kiçik dairənin diametri isə bayrağın eninin 1/4-nə bərabərdir. Kiçik dairənin mərkəzi bayrağın həndəsi mərkəzindən sol tərəfdə, bayrağın eninin 1/60-nə bərabər olan məsafədə yerləşir. Səkkizguşəli ulduzun təsviri ayparadan sağda yerləşir, ulduzun xarici dairəsinin diametri bayrağın eninin 1/6-ni, daxili dairəsinin diametri isə 1/12-ni təşkil edir.
Azərbaycan Respublikasının Dövlət bayrağı və onun təsviri, ölçülərindən asılı olmayaraq təsvirlərə həmişə dəqiq uyğun gəlməlidir.
Prezident İlham Əliyev Azərbaycanda Dövlət Bayrağı Gününün elan edilməsi barədə sərəncam imzalayıb. Sərəncama əsasən, hər il 9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd ediləcək.
2009-cu ilin noyabr ayında Dövlət Bayrağı Günü ilə bağlı Əmək Məcəlləsinin 105-ci maddəsinə əlavə edilmiş əlavəyə əsasən, 9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günü elan olunur və bu bayram ölkədə qeyri-iş günü olan bayramların siyahısına daxil edilir.
2010-cu ilin sentyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən Dövlət Bayrağı Meydanının - Bakı şəhərinin Bayıl sahəsində yerləşən memorial abidə-istirahət parkının təntənəli açılışı olmuşdur.
162 metr yüksəklikdə dalğalanan Azərbaycan bayrağı dünyanın ən yüksək bayrağıdır. İnşa olunmuş dayağın hündürlüyü 162 m, bünövrəsinin diametri 3,2 m, bünövrənin üst hissəsinin diametri 1,09 m-dir. Qurğunun ümumi kütləsi 220 tondur. Bayrağın eni 35 m, uzunluğu 70 m, ümumi sahəsi 2450 m², kütləsi isə təqribən 350 kq-dır. Ginnes Dünya Rekordları Təşkilatı 2010-cu il mayın 29-da Azərbaycan Dövlət Bayrağı Dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq edib.
Meydanda qurulmuş Azərbaycan Respublikasının gerbi, dövlət himninin mətni və ölkəmizin xəritəsi qızıl suyuna salınmış bürüncdən hazırlanıb. Meydanda Dövlət Bayrağı Muzeyi də yaradılıb.

8 Kasım 2018 Perşembe

666 NƏDİR???



666 — mifologiyada "Heyvan rəqəmi" və ya "İblisin rəqəmi" adlanan bu rəqəm dünyanın sonuna az qaldığına işarədir.

Həvariyun İoannın "Apokalipsis" əsərində yazılmışdır: "Kimin əqli varsa, Heyvanın rəqəmini hesablayıb dünyanın sonuna az qalmış gələcək Antixristin adını onunla öyrənə bilər. O rəqəmsə insanidir və altı yüz almış altıya bərabərdir"

Təxminən 2 min əvvəl qələmə alınmış bu kəlmələri insanlar oxuyandan bəri elə hey hesablayır, hesablayır, lənətə gəlmiş 666-nı ən müxtəlif hökmdarlarla bağlayır, dünyanın sonuna az qaldığını deyirlər.

6 rəqəmi ilə bağlı tarixi hadisələr

Tarixi yada salanda bəlli olur ki,

1906-cı ilin iyunun 6-da Çar Rusiyasının Dövlət Dumasının deputatları ölüm hökmünün ləğvi barədə qanun veriblər: imperiyanın çöküşü və bolşevik inqilabında bu qanun müstəsna rol oynadı.1996-cı ilin iyunun 6-da Kampuçiyadakı "qırmızı kxmer"lərin qanlı lideri, milyonlarla insanı kütləvi şəkildə məhv etdirmiş Pol Potdünyasını dəyişib.

1096-cı ilin iyunun 6-na aid olan xronikalarda isə tarixçilər yazır ki, həmin gün "ulduzlar səmada dəli kimi sayrışıb uçurdular". Bəşəriyyətin yaşadığı eralar ərzində dəfələrlə bu rəqəmə bərabər tarixlər olub və hələlik dünyanın sonu çatmayıb. 666 rəqəminə bərabər tarixlərdə də fəlakətlər baş verməyib. İslam və iuadizmdə 666 rəqəmi adi saydırsa, xristian aləmində məşumluq rəmzi sayılır. O da ki, məhz Müqəddəs İoannın "Açıqlama"sından sonra.


İnsan oğlu əsrlər boyu 666 rəqəmini anlamağa çalışaraq tapmacanın cavabını arayıb. Antixrist kimi müxtəlif vaxtlarda Roma imperatoru Neronun adı çəkilib və bəzi tarixçilər də düşünür ki, İoann məhz bu adamı nəzərdə tutub. Zira axtarılan rəqəmi almaq üçün latın dilindəki "Kesar Neron" kəlmələrini qədim yəhudi hərfləriylə yazmaq, sonra da onları rəqəmsal ölçülərini toplamaq gərəkdir. "Heyvan rəqəmi"nin daşıyıcısı kimi "fəxri" ada namizədlər arasında çeşidli dönəmlərdə krallar X Karl və XI Karl, Rusiya çarı I Pyotr, Napoleon, Lenin, Stalin, Hitler, Rotşild, Roma Papası II İohann, Bill Geyts və Mixail Qorbaçovun da adları çəkilmişdi.
Bəzi "üləma"lar hətta İnternetdə də "Heyvan rəqəmi"ni aşkarlayıblar: əgər standart "WWW" prefiksinin hərflərində sağ "cizgi"ləri götürsək, onda Roma rəqəmləriylə "VIVIVI", yəni 666 alınır.
"Dünyanın sonu" haqqında çığırtılı öngörmələrə, vahiməli təxminlərə isə inanmağa dəyməz. Məsələn, iki əsr əvvəl Almaniyada "xristian tarixi bilicisi" kimi tanınan Albrext Benql "1836-cı ildə dünyanın sonu olacaq" deyərək həşir qaldırmış, Avropa ilə yanaşı Amerikada da milyonlarla insanı qorxutmuşdu. Təxmin özünü əsla doğrultmasa da, insanlar tam 4 il xoflu qaldılar.
Maraqlıdır ki, katoliklərdən fərqli olaraq Rusiya Pravoslav Kilsəsi 666-dan əsla çəkinmir və onu adi rəqəm sayır. Rus keşişləri axmaq deyillər: onlar deyirlər ki, əgər rəqəm "iblisanə" olsaydı, onda Bibliyada da 666-cı səhifə olmazdı. Keşişlər onu da söyləyirlər ki, 666 rəqəmi özlüyündə təhlükəli deyil - həvariyun İoann sadəcə olaraq həmin rəqəmdən istifadçə edib Məşhər günü İblisi tanımağı istəyib.

Numerologiyada 666
Numerologiya, yəni rəqəmlər barədə elmin kanonlarına görə əlahiddə götürülmüş 6 rəqəmi məsuliyyət rəmzidir. 666 rəqəminə gəldikdə isə, onun barədə fikir yürütmək üçün "obyekt"i parçalamaq gərəkdir. 666 rəqəmini təşkil edən 6-ları toplamaq (6+6+6), alınan 18 rəqəmini də ayırıb cəmləmək (1+8=9) lazımdır.
Və məhz bu zaman İoannın yazdığı kimi "insani rəqəm"lə əlaqə aşkarlanır. Müxtəlif xalqlar, dönəmlər və mədəniyyətlərdə 666 fərqli məna daşıyır. Məsələn, ərəblər və yunanlar bu rəqəmi Günəş simvolu sayırdılar.
Qədim Misirdə isə Ptolomeylər dönəmlərində 666 rəqəmi Serapis adlı tanrını təcəssüm etdirirdi.
Bundan başqa, 666 "İblis"in yeganə yox, yalnız çoxsaylı rəqəmlərindən biridir. Belə ki, elə həmin İoannın "Açıqlama"sının qədim yiddiş və aramey dillərində yazılmış digər variantlarında "Heyvan rəqəmi" qismində 616, hətta 646 göstərilir.
666 rəqəminin katolisizmdə digər mənası "üçqat natamamlıq"dır. Çünki müsəlmanlarda olduğu kimi, xristianlarda da 7 müqəddəs rəqəmdir: "Açıqlama"da 40 dəfə 7 rəqəminin adı çəkilir. 6 isə "natamam 7" qismində həmişə 7-nin tam əksi kimi qəbul olunub. Yəni üçqat 7-ni (777) xristianlar "tam müqəddəslik" simvolu hesab edirdilərsə, 6 isə bilaəks - natamamlıq, yaramazlıq, yarımçıqlıq simgəsi sayılıb.
İoannın "Açıqlama"sı və ya yunanca "Apokalipsis"i yazıldığı uzaq sənələrdə rəqəmlər adətən rəqəmsal məna verilən hərflərlə göstərilirdi. Və buna görə məşhur tarixçilərin çoxu əmindir ki, "Açıqlama"da "Heyvan rəqəmi" və İblis nişanəsi kimi göstərilmiş 666 əslində kimin gerçəkdən də Məşhər günü bəşəriyyəti məhv etməyə gələcək heyvan olduğunu anlamaq üçün insanlara verilmiş tapmacadır.

VANQA KİMDİR???



1911-ci il yanvar ayının 31-də o vaxtlar Osmanlı imperiyası, sonradan Bolqarıstanərazisi hesab olunan Strumitsa kəndində bir qız anadan oldu. Vaxtından iki ay əvvəl doğulan qızcığazın ayaq və əl barmaqları bitişik, bədəni isə zəif olduğundan, valideynləri onun yaşamasına belə ümid etməmişlər. 12 yaşında qızın həyatında onun gələcək taleyini müəyyənləşdirən bədbəxt hadisə baş verir. Bu qız gələcəkdə görücü kimi məşhurlaşacaq Vanqeliya Pandeva-Quşerova, yaxud Vanqa idi... "Başıma kiminsə əli toxundu" ...Rəfiqələriylə gəzişən Vanqa birdən göy üzünü iri qara bir buludun aldığını görür. Havanın dəyişdiyini görüb, kəndə tərəf qaçan qızların arasından Vanqanı qasırğa ağuşuna alır. Sonradan görücü özü bu haqda deyirmiş: "Qasırğa məni sararkən elə bil başıma kiminsə əlinin toxunduğunu hiss elədim. Sonra heç nə xatırlamadım. Bir də gözümü açdım ki, yerdəyəm, başımda, gözümdə dəhşətli ağrılar var..." Kəndlilər qızı daş-çınqılın, ağac budaqlarının arasından tapıb evə gətirirlər. Axşama yaxın gözləri qanla dolur, bir neçə gün sonrasa bəbəkləri ağarmağa başlayır. Xəstənin gözlərində iki dəfə əməliyyat keçirilsə də, nəticəsi olmur.

1925-ci ildə onu korlar evinə göndərirlər. Burada Vanqa Brayl əlifbasını, pianoda ifa eləməyi, dərziliyi öyrənir. Üç ildən sonra anası ölür, qız evə qayıdıb atasının və bacı-qardaşlarının qayğısını çəkməli olur.

Vanqa özü zəhməti çox sevdiyindən, kiminsə boş yerə vaxt keçirməyini də xoşlamazdı. Korluğa, böyük ailənin yükünün ağırlığına, kasıblığa baxmayaraq, onların evlərində həmişə səliqə-sahman hökm sürürmüş.

Gümüşü paltarlı atlı
Bu gün Vanqanın ilk görücülüyünün nə vaxta təsadüf etməsini və nədən ibarət olmasını dəqiqləşdirmək çətindir. Ancaq ədəbiyyatlarda və xatirələrdə daha çox atasının itirdiyi qoyunların yerini deməsi haqda danışılır. Deyilənlərə görə, bir dəfə atasının otardığı sürüdən bir neçə qoyun itir. Ailəsinin yeganə gəlir mənbəyindən də mərhum olacaqlarından qorxan atasının narahatlığını görən Vanqa ona deyir: "Sənin qoyunların qonşu Monospitova kəndindəki Afanasın evindədir". Özünün də tanımadığı bu adamın adını harada eşitdiyini soruşan atasına Vanqa "yuxuda görmüşəm və eşitmişəm" cavabını verir. Ata qızının nişan verdiyi kəndə və həmin adamın evinə gedib, qoyunların həqiqətən burada olduğunu görür.
Ətraf kənddəki insanların onun bacarığına inanmağa başlamaları Vanqanın ilk qlobal görücülüyü ilə baş tutub. Hələ yeniyetməlik vaxtlarından gözlərinə cəngavər geyimli atlının göründüyünü deyən Vanqa, 1941-ci ildə həmin atlını bir daha görür. Özünün dediyinə görə, ay işığı altında parıldayan gümüşü geyimli bu atlı onun qaranlıq otağına daxil olan kimi hər tərəf işığa bələnib. Atlı Vanqaya tərəf dönür və deyir: "Tezliklə dünya çalxanacaq və çoxlu xalqlar tələf olacaq. Sən burada qalacaq, ölənlər-qalanlar haqda görücülük edəcəksən. Qorxma! Mən sənə adamlara deyəcəklərini söyləyəcəyəm".
Bu sözləri eşidən Vanqa bacısından soruşur: "Sən buradan bir atlının necə çıxdığını gördünmü?"
"Nə atlı, yəqin yuxu görmüsən" deyə bacısı cavab verir. Ancaq bacısının yuxu hesab elədiyi bu olaydan təxminən iki ay sonra - aprel ayının 6-sı, 1941-ci ildə alman qoşunları Yuqoslaviya sərhəddini keçir...
Hər şey məhz Vanqanın gözünə görünən atlının dediyi kimi olur. Müharibənin başlanmasıyla doğmalarının taleyindən narahatlıq keçirən insanlar onun yanına gəlirlər. Şahidlərdən biri yazır: "Balaca otaqda küncdə oturmuşdu. Səsi gur və güclü idi. Yamaqlı paltarı belə onun bədəninin gərginliyini gizlədə bilmirdi. Kor gözlərindən boşluq yağsa da, üzündən sanki nur tökülürdü". 

Beləcə, Vanqa kömək üçün yanına gələn insanlara səfərbərliyə cəlb olunmuş kişilərin vuruşduqları yerləri, başlarına gələn hadisələri dəqiqliklə söyləyir. Deyilənlərə görə, bu öngörümlər düz bir il davam edib və bu bir il ərzində Vanqa gün ərzində 2-3 saat yuxu yatıb. Onun görünüşü hamını heyrətə saldığından, yanına gələnlər görücünün qarşısında dizüstü oturmağa üstünlük verirmişlər.
Qadının uzaqgörənliyi haqda xəbər ətraf kəndlərə yayıldıqca, yanına gələnlərin sayı xeyli artır. Az keçmir, müxtəlif xəstəliklərlə bağlı da ona müraciət etməyə başlayırlar. Adamlar onun barəsində artıq qorxu qarışıq hörmətlə danışırdılar. Ancaq birmənalı şəkildə Vanqanın görücülüyünü şər qüvvələrlə bağlayanlardan tutmuş, ilahi qüvvənin möcüzəsi hesab edənlərədək hamı onun görücülüyünün nə qədər dəqiqliklə yerinə yetdiyinə heyran qalırdılar.
Beləcə, Vanqa haqqında yarıhəqiqət, yarıfantaziyadan ibarət bir mif formalaşırdı.

Sədaqətli Vanqa
Vanqanın qeyri-adi qabiliyyəti barədə xeyli ədəbiyyatlar olsa da, onun şəxsi həyatı çox vaxt ikinci plana keçir. Ancaq burada da xeyli maraqlı məqamlar mövcuddur. Bir dəfə onun yanına Dmitri Quşterov adında bir əsgər gəlir və quldurlar tərəfindən öldürülmüş qardaşının qatillərinin yerini soruşur. Elə evinin astanasındaca Vanqa Dmitriyə deyir: "Bilirəm, niyə gəlibsən. İstəyirsən, qardaşının qatillərinin yerini deyim. Ola bilsin, bunu sənə nə vaxtsa deyərəm, ancaq gərək mənə söz verəsən ki, qisas almayacaqsan. Çünki indi lazım deyil. Sən onların sonunu özün görəcəksən".
Bu hadisədən bir müddət sonra - aprelin 20-də Vanqa bacısına Dmitrinin onunla evlənmək üçün kəndə gələcəyini bildirir. Həqiqətən, 1942-ci il may ayının 10-da Dmitri onunla evlənir və gənc ailə Petriç şəhərində məskən salır.
Bir müddət sonra Dmitri səfərbərliyə alınaraq, Yunanıstana aparılır. Vanqanın səfərqabağı ərinə bircə məsləhəti olur: "Sudan özünü gözlə!"
Həqiqətən, bir neçə il sonra Dmitri də daxil, Yunanıstandan salamat dönən döyüşçülərin hamısı döyüşlər vaxtı bataqlıq suyundan içdikləri üçün uzun illər yatalaqdan əziyyət çəkirlər. Dmitri 1962-ci ildə elə bu xəstəliklə də yatağa düşür. Şəfaverici Vanqa sevimli Dmitrisinin bu xəstəlikdən qalxmayacağını bildiyindən əlindən ancaq ağlamaq gəlir. Xəstənin başının üstünü bir an belə tərk eləməyən Vanqa ərinin ölümüylə dərin yuxuya gedir, bir də mərhumun dəfni zamanı ayılıb deyir: "Mən onu qalmalı olduğu yerə qədər ötürdüm".
Həmin vaxtdan Vanqa həyatının sonuna qədər dul qadınlara xas qara rəngli yaylıqla gəzir...

Faydalı insan
Vanqanın həyatı xeyli keşməkeşli olub. Kommunistlərin hakimiyyətə gəlişindən sonra görücü həm dövlət məmurları, həm də din xadimləri tərəfindən təzyiqlərlə qarşılaşır. Birincilər hesab edirdilər ki, Vanqanın görücülüyü insanların sosializm quruculuğu yolunda işlərinə maneçilik törədir, ikincilərsə onu şeytanın elçisi hesab edirdilər.
1952-ci ildə Vanqa Stalinin 6 ay sonra öləcəyi barədə kiminsə yanında ağzından söz qaçırır. Bədxahlar tərəfindən görücünün bu sözü lazımi yerlərə çatdırıldıqdan sonra onu həbs edirlər. Təbii ki, öncəgörüm düz çıxmasaydı, yəni Stalin 1953-cü ildə ölməsəydi, görücünün nə vaxta qədər həbsxanada qalacağı da bilinməzdi.
Sonda onu bu kimi problemlərdən təsadüfi bir hadisə xilas edir. Hansısa yüksək rütbəli dövlət məmurunun içində məxfi materiallar olan çantası itir. Bütün hüquq-mühafizə orqanları ayağa qaldırılsa da, itmiş çanta tapılmır. Axırda əli hər yerdən üzülmüş məmur Vanqanın yanına gəlir. Görücü ona gizlədilmiş çantanın yerini deyir. Bolqar hökuməti isə Vanqaya təşəkkür əlaməti olaraq "xalq hakimiyyəti üçün faydalı insan" xarakteristikası verir. Həmin olaydan sonra Bolqarıstan rəhbərliyi bu möcüzənin qarşısını almaqdansa, Vanqanın özünəməxsus seanslarını leqallaşdırmaq qərarına gəlir. Dövlət onun evinin yanında xəzinə qutusu qoyur və görücünün xidməti üçün məbləğ müəyyənləşdirir. Vanqanın yanına gələn hər bolqar 10 lev, əcnəbilər isə 50 dollar ödəməli idilər. Rəsmi statistikaya görə, bu qərar nəticəsində yalnız 1990-cı ildə dövlət xəzinəsinə 9 milyon levdən çox pul daxil olmuşdu.
Vanqanın fəaliyyəti üçün ən böyük imkan sabiq bolqar rəhbəri Todor Jivkovun qızı tərəfindən yaradılıb. Lüdmila Jivkovanın qızı Jenya Jivkova bu haqda deyir: "Mənim anam Lüdmila Jivkova partiya rəhbərliyi arasında böyük nüfuz sahibi olmaqla yanaşı, həm də hərtərəfli dünyagörüşünə və təhsilə malik, Şərq təlimləriylə maraqlanan bir qadın idi. Məhz onun təşəbbüsü ilə professor Lozanovun başçılığı altında Vanqa fenomeninin elmi şəkildə araşdırılmasına başlandı. Vanqaya hətta dövlət qulluqçusu kimi 200 levlik təqaüd də təyin olunur".

Öngörümlər
Təbii ki, onun bütün öngörümləri haqda danışmaq mümkün deyil. Təsəvvür edin ki, Vanqa fenomenininin tədqiqatçısı professor Rozanov belə olaylardan 7 minini toplayıb. Ancaq hamıya tanış olan bir neçə məşhur öngörüm və bu deyimləri yozan tədqiqatçıların, həmçinin şahidlərin açıqlamalarından nümunələrlə Vanqanın qabiliyyəti barədə kifayət qədər təsəvvür oyatmaq mümkündür.
1942-ci ildə Vanqa Bolqar çarı III Borisə deyir: "Sənin hakimiyyətin genişlənəcək. Ancaq özünü 28 avqust tarixli günə hazırla". 28 avqust 1943-cü ildə Bolqar çarı Boris vəfat etdi.
1968-i ilin yanvar ayında Vanqa deyir: "Praqanı xatırlayın. Praqa tezliklə akvariuma dönəcək, sərsəmlər burada balıq tutacaqlar. Bəli, bəli, məhz belə də olacaq". 1968-ci ilin avqustunda Sovet qoşunları Çexoslovakiyaya girdi.
1989-cu ildə Vanqa xəbərdarlıq edir: "Qorxu, qorxu! Amerikalı əkiz qardaşlar onlara tuşlanmış dəmir quşların təsirindən yıxılacaqlar. Günahsız insan qanı axacaq".
2001-ci ildə terrorçuların təyyarələrlə hücumundan sonra Amerikada Dünya Ticarət Mərkəzinin "əkiz bina"sı dağılır, xeyli günahsız insan tələf olur.
90-cı ilin əvvəlində Rusiyada siyasi çəkişmələr dövründə Vanqa deyir: "Hamı elə bilir ki, onun Rusiyada mövqeləri hələ güclüdür. Ancaq hakimiyyətə ən az səs toplayanlardan biri gələcək". Həqiqətən, bir neçə aydan sonra heç kimin gözləmədiyi halda Rusiyadahakimiyyətə Boris Yeltsin gəlir.
1980-ci ildə Vanqa atom qorxusundan bəhs edir: "Kiyev yaxınlığında böyük bir partlayış olacaq. İnsanlar bu partlayışdan illərlə əziyyət çəkəcəklər". Bir neçə il sonra bütün dünyanı dəhşətə gətirən Çernobıl Atom Elektrik Stansiyasında qəza baş verdi.
Bu öngörümdən sonra isə çoxları qoca görücünün ağlını itirdiyini düşünürdülər: "Əsrin axırında, ya 1999, ya da 2000-ci ildə Kursk su altında qalacaq və bütün dünya ona matəm tutacaq". Bəli, insanlar Kursk kimi bir şəhərin su altında qalacağı barədə deyilənə bir az da istehza ilə yanaşmışdılar. Ancaq düz 20 il sonra Rusiyanın "Kursk" atom sualtı gəmisi həqiqətən su altında qaldı...

7 Kasım 2018 Çarşamba

13 NƏDİR

                                                    

Ümumi bilgilər

Bəziləri 13 rəqəminə İblisin rəqəmi də deyir. Dini inanca əsasən, İblis ayın 13-ü, cümə günü Adəmlə Həvvanı yoldan çıxarmağa nail olub. Nəticədə Adəm və Həvva Cənnətdən qovulublar. Bundan başqa, İblis 13-cü mələk sayılır.

Əsasən Qərb ölkələrində 13 rəqəmi ilə bağlı qorxu var. ABŞ-da 13 nömrəli avtobus, vaqon və trolleybus, tramvay yoxdur. Təyyarələrdə, otellərdə 12-ci otaqdan sonra 14-cü nömrə gəlir. Xristian aləmində bəzi evlərdə 13 nömrəsi yoxdur.

Qədim dövr və gizlin bilgilər

Qədim dövrdə 13 rəqəminin uğur gətirdiyinə inanırdılar və bu rəqəmin insan həyatına müsbət təsir etdiyi inancı hakim idi. Amma bu barədə çox az adam məlumatlı idi. Bu səbəbdən bu rəqəmin istifadə edilməməsi üçün nəhsliyi haqqında şayiələr buraxdılar. Əslində 13 rəqəmi müqəddəs rəqəmdir. Amma qara qüvvələrin nümayəndələri illüminatlar bu rəqəmdən istifadə edərək gizli bilikləri insanlardan gizli saxladılar.

Bu səbəbdən 13 rəqəmi hər zaman xüsusi və müqəddəs olub. Amma onu ya uğursuz, ya da nəhs sayırdılar.

Qədim Yunanıstanda Tanrıların başçısı Zevsə 12 Tanrı tabe idi. 12+1=13.

İsa Peyğəmbərin 12 həvarisi var idi. 12+1=13

Sofiya məbədinin 13 qübbəsi var. Xristianlar üçün 13 rəqəmi Bakirə Məryəmlə də əlaqəlidir. Bu missiyalardan biri İblisin boynunu vurmaqdır.

13 rəqəmi ali səviyyəyə keçidi təmsil edir.

Müqəddəs İncildə Tanrının 13 əsas keyfiyyətindən söhbət açılır.

İsa Peyğəmbər ayın 13-ü cümə günü çarmıxa çəkilib. Bundan başqa, xristianlıqda 13 rəqəmi satqınçılıq kimi qəbul edilib.

13-cü saat eyni zamanda birinci sayılır və bir sutkanın bitməsini, yenisinin başlanmasını simvolizə edir.

 13 rəqəmi dövri prosesin-“ölüm-diriliş” rəmzi sayılır.
Çin, Hindistan, İndoneziya, İtaliya, Yaponiya, Koreya və Səudiyyə Ərəbistanında 13 rəqəmindən qorxmurlar. İtaliya və Çində 13 rəqəminə ənənəvi sevgi var. Çin dilində 13 müvəffəqiyyət qazanmaq mənasını verir. Honkonqda mobil şəbəkə istifadəçiləri 13 rəqəmi ilə başlayan və tərkibində 13 rəqəmi olan nömrə almağa çox həvəslidirlər. Çünki 13 rəqəmi uğur gətirir.
Hind panteonunda 13 Budda var.

Yəhudilərin qədim Kabbala inancına görə, 13 rəqəmi faydalıdır.

 Çin falına görə isə 13 rəqəmi uğur gətirir.

Amma gizli qüvvələr, qədim gizli təşkilatlar 13 rəqəmini kütlədən gizlətmək qərarına gəldilər.
Məsələn, Tampliyerlər ordeninin məhvi 1307-ci ilin cümə günü, ayın 13-nə təyin edilmişdi. Bu, bütün Avropanın gözü qarşısında edildi. Tarix yadda qalsa da, sonra da unuduldu. Hadisəni tarixçilər belə qeydə alıblar: “1307-ci ilin 13 oktyabr tarixində Fransada dəhşətli hadisə oldu. Fransa kralı 4-cü Filipp Tampliyerlər ordeni ilə haqq-hesab çürütmək qərarına gəldi. Onun fikrinə görə, orden çox qüdrətli idi və kralın hakimiyyəti üçün təhlükə mənbəyinə çevrilmişdi. Tampliyerlərin Ali Magistri tonqalda yandırıldı. Bu hadisədən sonra cümə günü, ayın 13-ü insanları dəhşətə gətirirdi.

Eyni zamanda, qədim astek və Mayalılar üçün də 13 rəqəmi müqəddəs sayılırdı. 

Maya təqvimində 13 ay var. Bundan başqa, Mayada 13-cü bürc də var idi. Onların fikrinə görə, 13 rəqəmi səma ilə əlaqəlidir.

Kabbala Cənnətdə olan 13 səma fəvvarəsi, 13 mərhəmət qapısı, 13 balzam çayı barədə məlumat verir.

Amerikada rəsmi olaraq 13 rəqəmi ilk birləşmiş ştatların sayıdır. 13 rəqəmi ABŞ gerbinin elementlərində də təqdim edilir. Qartalın başında 13 ulduz var. Bundan başqa, qartal sol qanadı ilə 13 ox tutub. Sağ qanadında isə 13 yarpağı və 13 meyvəsi olan zeytun budağı var.

Hətta “E plubrius unum” devizinin də tərkibində 13 rəqəmi var. Devizin tərcüməsi çoxundan biri deməkdir.

Amerika bayrağında ağ və qırmızı zolaqların da sayı 13-dür.

13 rəqəmi bir çox 1 dollarlıq banknotların üstündə var.

İsa Gizli Gecənin 13-cü qonağı idi. Ondan başqa, Gecədə 12 həvarisi iştirak edirdi. İsa adı yunan dilində 13 hərflə yazılır.